Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə "Bani by LANDAU" abituriyent məktəbinin açılışı olub

02 oktyabr 2026 | 14:47

Gəncədə “Bani by LANDAU” abituriyent məktəbinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “LANDAU School” və “LANDAU Education Group”un təsisçisi Timur Leznik, “Bani by LANDAU” abituriyent məktəbinin təsisçisi və baş direktoru Bünyad Balakişiyev, təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni məktəbin fəaliyyətə başlaması münasibətilə təhsil müəssisəsinin kollektivini və şagirdləri təbrik edib. Şəhər rəhbəri Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, Gəncədə təhsil infrastrukturunun inkişafı, müasir təhsil imkanlarının genişləndirilməsi və şagirdlərin keyfiyyətli təhsilə çıxışının təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edən “Bani by LANDAU” Abituriyent Məktəbinin təsisçisi və baş direktoru Bünyad Balakişiyev yeni təhsil müəssisəsinin yaradılmasının məqsədlərindən danışıb. Bildirilib ki, “Bani by LANDAU” abituriyent məktəbi Bakıda fəaliyyət göstərən özəl təhsil şəbəkəsi “LANDAU School” ilə Gəncədə 16 illik təhsil təcrübəsinə malik “Bani Seminariyası”nın birgə layihəsidir. Məktəbin əsas məqsədi şagirdlərə keyfiyyətli orta təhsil verməklə yanaşı, onları növbəti təhsil mərhələlərinə, yerli və beynəlxalq ali təhsil müəssisələrinə qəbul prosesinə və qlobal rəqabət mühitinə hazırlamaqdır.

Qeyd olunub ki, hazırda məktəbdə 5–10-cu siniflər üzrə 480 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim, məktəbin idarə və inzibati fəaliyyəti ilə 21 əməkdaş, gündəlik fəaliyyətinin təmin olunması ilə isə 12 texniki əməkdaş məşğul olur.

Çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni məktəbin fəaliyyətə başlaması Gəncədə təhsil imkanlarının daha da genişləndirilməsinə və şagirdlərin müasir təhsil imkanlarından yararlanmasına xidmət edir.

Sonda qonaqlar məktəbdə yaradılmış müasir tədris şəraiti ilə tanış olub, sinif otaqlarına və digər təhsil infrastrukturlarına baxış keçiriblər.

 

 

 

 

 

Keçidlər