Gəncədə bəstəkar Qəmbər Hüseynlinin xatirəsi anılıb, məzarüstü abidəsinin ətrafında salınan yeni parkın açılışı olub
Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kollec direktorları, həmçinin bəstəkarın ailə üzvləri iştirak ediblər.
Əvvəlcə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Daha sonra burada yeni salınan parkın açılışı olub.
Bildirilib ki, çoxsaylı şəhər sakinləri, o cümlədən şəhərimizin ziyalıları Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramova müraciət edərək, görkəmli bəstəkarın məzarının ətrafında balaca fidanlar üçün park salınmasını xahiş etmişdirlər. Edilən müraciət əsasında şəhər rəhbərliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və parkın salınması işlərinə başlanılmışdır.
Qəmbər Hüseynlinin doğum günü ərəfəsində açılşı olan park, balaca fidanlara ərmağan edilib.
Tədbir zamanı iştirakçılara görkəmli bəstəkarın həyat və yaradıclığı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 16 aprel 1916-cı ildə Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli sənət aləmində xalqına xidməti həyatının əsas mənası hesab edən sənətkarlardan olub. Bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Bütün dünya Qəmbər Hüseynliyini “Cücələrim”lə tanısa da, bəstəkarın Azərbaycan xalqı tərəfindən sevilərək dinlənilən digər bəstələri də var. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur.
Tədbirin davamında Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər səsləndirilib.
Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən parkda körpə və uşaqların oynaması üçün müxtəlif atraksionlar quraşdırılıb, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilib.