Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

06 oktyabr 2026 | 11:34

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncədə tədbir keçirilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə şəhər prokuroru Rauf Gözəlov, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova, Gəncə Şəhər və Goranboy Rayon İcra Hakimiyyətləri  başçılarının aparatlarının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də bölgədə fəaliyyət göstərən təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə rəsmilər şəhərin mərkəzi Meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Gəncə Dövlət Milli Dram Teatrında davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Niyazi Bayramov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, cəmiyyətin inkişafında müəllimlərin rolunu yüksək qiymətləndirib. Şəhər rəhbəri müəllim əməyinin hər zaman uca tutulduğunu, dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını, təhsil işçilərinin rifahının yaxşılaşdırılmasının prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Elçin Kərimov tədbir iştirakçılarını salamlayaraq pedaqoji kollektivi peşə bayramı münasibətilə təbrik edib. O, dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edərək, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.

Bayram Aslanov çıxışında gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ziyalıların böyük rol oynadığını vurğulayıb. Ölkədə müasir və güclü təhsil infrastrukturunun yaradıldığını qeyd edən Bayram Aslanov pedaqoji kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən digər natiqlər də təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Rəsmi çıxışlardan sonra elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafında xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə fərqlənən təhsil işçilərinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.

Tədbirin davamında müəllimlik peşəsinin müqəddəsliyini, fədakarlığını və cəmiyyətin inkişafındakı mühüm rolunu əks etdirən “Bir müəllim ömrü” adlı videoçarx nümayiş etdirilib.

Şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov çıxış edərək şəhid atası kimi keçdiyi həyat yolundan, yaşadığı qürur və duyğulardan söz açıb. O, müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bədii hissə ilə davam edən proqram çərçivəsində Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar təqdim olunub. “Xəmsə” instrumental rəqs qrupunun çıxışı da tədbirə xüsusi rəng qatıb.

Tədbirin sonunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təltif olunan bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib.

 

Keçidlər