Gəncədə “Bilik Günü”ndə N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub
15 Sentyabr “Bilik Günü”ndə Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi baş tutub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird kollektivi, o cümlədən valideynlər iştirak ediblər.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Niyazi Bayramov çıxışında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərirlər. Bunun nəticəsidir ki, bu gün Gəncədə daha bir məktəbin əsaslı şəkildə təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Şəhər rəhbəri tədbir iştirakçılarını “Bilik Günü” münasibətilə təbrik edərək, uğurlu tədris ili arzulayıb.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatının tədrisin keyfiyyətini artırdığını bildirib. Nazir müavini həmçinin, təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilində qarşıda duran vəzifələrindən danışıb.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uşaqların təhsilinə göstərdikləri yüksək qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, 960 yerlik yeni məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya, informatika kabineti, məktəbəhazırlıq və STEAM otaqları, 150 nəfərlik akt zalı, kitabxana, yeməkxana və idman zalı fəaliyyət göstərir.