Gəncədə "Böyük qayıdış: dini, mənəvi və multikultural aspektlər" mövzusunda konfrans keçirilib
06 dekabr 2022 | 07:34
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə dekabrın 2-də "Böyük qayıdış: dini, mənəvi və multikultural aspektlər" mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Tədbirdə ziyalılar, dini icma üzvləri, din xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev qeyd edib ki, "Böyük Qayıdış" – öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq hadisədir. Bu proqram Qarabağa yenidən dönüş, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərdə yeni həyatın bərqərar edilməsi, adları özünə qaytarılmış çoxsaylı kəndlər və şəhərlər, yollar, körpülər, müasir tikililər, məhv edilmiş qədim mədəniyyətin oyanışı, müxtəlif təyinatlı tarixi abidələrin bərpası, yenidən qurulması deməkdir. "Böyük Qayıdış" proqramının dini-mənəvi tərəflərini xüsusilə vurğulayan sədr müavini bildirib ki, Ermənistanın uzun müddət işğal altında saxladığı Qarabağ bölgəsində sosial strukturlarla yanaşı müsəlman və xristian dini abidələrini dağıtması, saxtalaşdırması, o cümlədən tarixi-mədəni irsi yerlə yeksan etməsi faktları bütün dünyaya bəllidir. Vurğulayıb ki, 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və yarımuçuq məscidlərdə heyvan saxlanılmaqla dini dəyərlərimiz təhqir olunub, 900-dən çox qəbiristanlıq tamamilə dağıdılaraq qəbirüstü abidələr talan edilib. Erməni işğalçıları tərəfindən Qafqazın mədəniyyət beşiyi hesab olunan Qarabağdakı mədəni, tarixi və dini abidələrin dağıdılmasını İŞİD-in Suriyanın qədim şəhəri Palmira və İraqın Nimrud şəhərində törətdiyi dağıntılar ilə müqayisə edilə bilər. Hal-hazırda Qarabağda həyata keçirilən yenidənqurma işlərinə də toxunan Komitə rəsmisi cənab Prezident İlham Əliyev tərəfindən bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını, dövlət strukturları ilə yanaşı uzun illərdir Azərbaycanın tarixi-mədəni abidələrinin qorunmasında mühüm rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev çıxışlarında cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın əhəmiyyətinə toxunublar. Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, qazı Tahir Abbasov din xadimlərinə yaradılan şərait, məscidlərin təmir və tikintisinə görə məmnunluğunu ifadə edib.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.