Gəncədə Çanaqqala Zəfərinin və İstiqlal Marşının yaranmasının ildönümləri keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəsətəyi və Türkyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 18 Mart – Çanaqqala Zəfərinin və Şəhidlərinin Anım Gününün 108-ci, İstiqlal Marşının yaranmasının 102-ci ildönünümlərinə həsr olunmuş tədbir keçirilib.
Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə baş tutan mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nüməyəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar. Daha sonra Çanaqqala şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib, din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, İstiqlal naminə verilən mübarizələrdən bəhs edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki haqlı Qələbəsi qardaş Türkiyədə də böyük coşqu ilə qarşılanıb. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz mənəvi dəstəyini göstərib. Bununla yanaşı, konsul qardaş Azərbaycanın da dəstəyini daim hiss etdiklərini söyləyib. Belə ki, fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkəyə dərhal dəstək olan ilk Azərbaycan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı qardaş Türkiyənin zəlzələ bölgəsinə yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Azərbaycan xalqının da hər bir sahədə əlindən gələni əsirgəmədiyini bildirən konsul bu çətin günlərdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib. Eyni zamanda konsul, Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.
Niyazi Bayramov çıxışında Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər. Şəhər rəhbəri qeyd edib ki, iki dövlət beynəlxalq aləmdə hər zaman bir-birinin haqlı mövqeyini fəal dəstəkçisi kimi çıxış edir. Çanaqqala Zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın bir ifadəsidir.
Tədbirdə iştirak edən qonaqlar Çanaqqala döyüşündən bəhs edərək bildiriblər ki, bu döyüş türk əsgərlərinin göstərdiyi mərdlik və cəsarətin rəmzidir. Qeyd olunub ki, Çanaqqala döyüşü türkün zəfər dastanı olaraq tarixdə əbədi qalacaq.
Çıxışlardan sonra Gəncə Uşaq Evinin kiçik sakinləri tərəfindən Çanaqqala zəfərinə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Çanaqqala zəfərinin 108-ci ildönümü ilə bağlı Heydər Əliyev Park-Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.