Gəncədə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğu və sosial reinteqrasiyası ilə bağlı maarifləndirici görüşlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli, 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrasının təmin edilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Belə ki, Gəncə şəhərində “Credence Group” və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Qadın Sahibkarların I Qurultayında, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının sahibkarlarla keçirdikləri görüşlərdə, eləcə də Gəncə şəhəri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin hər ay təşkil olunan iclaslarında aidiyyəti dövlət qurumlarının və işəgötürənlərin iştirakı ilə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reinteqrasiyası və məşğulluğu məsələləri müzakirə olunur.
Görüşlər zamanı qeyd edilir ki, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin normal həyata qayıtması, ailələrinə və cəmiyyətə faydalı vətəndaş kimi inteqrasiya olunması ilk növbədə onların məşğulluq imkanlarından asılıdır. İşlə təmin olunan şəxslər maddi ehtiyaclarını qanuni yollarla ödəmək, sosial münasibətlərini bərpa etmək və təkrar hüquqazidd davranışlara meyletmə riskini azaltmaq imkanı əldə edirlər.
Tədbirlərdə çıxış edən Gəncə şəhəri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reinteqrasiyası və məşğulluğu sahəsində qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib.
Bununla yanaşı, görüşlərdə Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.22-ci və 24.9-cu maddələrinə uyğun olaraq cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edildiyi diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, özünüməşğulluq proqramlarının icrası zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu barədə iştirakçılara Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının əməkdaşları tərəfindən ətraflı məlumat təqdim olunub.






