Gəncədə daha bir “Əmək yarmarkası” keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçiriən aktiv məşğulluq tədbirində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının nümayəndələri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, tədbirin əsas məqsədi işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir. Çıxış edənlər regionlarda bu cür “Əmək yarmarkaları”nın keçirilməsini müsbət hal kimi dəyərləndirib, işaxtaran və işəgötürənlərə uğurlar arzulayıblar.
Əmək yarmarkasında 15 müəssisə tərəfindən 100-ə yaxın vakansiya təqdim edilib.
Müraciət edənlərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. 50-dən çox işsiz və işaxtaran şəxslər rəsmi qeydiyyatdan keçiblər. Vakansiyalara müraciət edən digər şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.