Gəncədə din xadimləri üçün təlim keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim təşkil olunub.
Təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, DQİDK-nın məsul əməkdaşları Həsən Məmmədov, Pərvin Zeynalov, Samir Yoldaşov, Aslan Sultanov, Ramil Baxşəliyev, Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri, din xadimləri, dini icma sədrləri, həmçinin dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Çıxışlarda bu cür tədbirlərin paytaxtda və regionlarda mütəmadi keçirildiyi diqqətə çatdırılıb. Həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolundan bəhs olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.