Gəncədə “Dostluq hədiyyəsi” adlı konsert proqramı baş tutub
Gəncədə Tacikistan Respublikası Prezidentinin İcra Aparatının “Dövlət Simfoniya Orkestrı”nın Estrada Ansamblı “Dostluq hədiyyəsi” adlı konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsert proqramını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abdurahmon, səfirliyin Mədəniyyət məsələləri üzrə attaşesi Mehrangiz Sattorova, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədə şəhər ictimaiyyəti izləyib.
Tacikistan Respublikası Prezidentinin İcra Aparatının “Dövlət Simfoniya Orkestrı”nın Estrada Ansamblının ifasında səslənən xalq və müəllif mahnıları tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tacikistanlı sənətçilərin ifasında səslənən Azərbaycan mahnıları isə tamaşaçıların xüsusi marağına səbəb olub.
Konsertin sonunda Niyazi Bayramov və İlxom Abdurahmon səhnə arxasında sənətçilərlə görüşüb, onlara təşəkkür edərək xatirə şəkil çəkdiriblər.
Qeyd edək ki, “Dostluq hədiyyəsi” adlı konsert proqramı Azərbaycan və Tacikistan arasında mədəni sahədə həyata keçirilən mübadilə çərçivəsində reallaşıb.