Gəncədə “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans keçirilib
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» mövzusunda konfrans keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gəncə şəhər prokuroru Azad Qarayev, ətraf regionun prokurorları, hüquq-mühafizə orqanlarının əməkdaşları, media və qeyri-hökumət nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində ağac əkiblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda mövzuya həsr olunmuş videoçarx nümayiş olunub.
Niyazi Bayramov Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təsirlərinin qarşısının alınmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Şəhər rəhbəri onu da qeyd edib ki, ölkəmizdə həyata keçirilən yaşıllaşdırma kampaniyaları, alternativ enerji mənbələrindən istifadə ekoloji mühitin yaxşılaşdırılmasına hədəflənib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır.
Heydər Məmmədov çıxışında bildirib ki, təmiz və sağlam ətraf mühitin təmin edilməsi yolunda dövlət qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrin koordinasiyalı fəaliyyəti, effektiv ekoloji qanunlar və yaşıl dünya üçün hüquqi yeniliklərin mühüm əhəmiyyəti var. Bu sahədə prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilərək, Ekologiya Nazirliyi və digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində işlər görülməkdədir.
"Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən ildə ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyəti üzrə göndərilib, 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib. Bundan başqa, 2023-cü ildə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib"- deyə Baş prokurorun müavini əlavə edib.
Tədbirdə mövzu ətrafında çıxışlar dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.