Gəncədə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını əks etdirən əl işlərindən ibarət satış-sərgi keçirilib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsənova, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Niyazi Bayramov sərgidə nümayiş etdirilən əl işləri ilə tanış olub, onların müəllifləri ilə səmimi söhbət edib, əlilliyi olan şəxslərin yaradıcılıq fəaliyyətinə maraq göstərərək onlara dəstək olub.
Sərgidə dulusçuluq, bədii oyma, bədii tikmə, xalçaçılıq, rəssamlıq, toxuculuq və dərzilik sahələrini əhatə edən əl işləri, suvenir oyuncaqlar, muncuqlardan hazırlanmış bəzək əşyaları və dekorativ şamlar nümayiş etdirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin məqsədi əlilliyi olan şəxslərin bacarıq və yaradıcılıq imkanlarını geniş ictimaiyyətə tanıtmaq, onların əməyinin təşviqinə və sosial inteqrasiyasına dəstək göstərmək, həmçinin məşğulluq imkanlarının genişləndirilməsinə töhfə vermək olub.






