Gəncədə “Erkən nikah və onun fəsadları" mövzusunda tədbir keçirilib
30 noyabr 2023 | 13:32
30.11.2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində “Erkən nikah və onun fəsadları" şüarı altında tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Regional Ədliyyə İdarəsinin rəis müavini Samir Cəfərov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq-təlimçisi Taciyə Mehdisoy, Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının Qastroenteroloq Hepatoloq Endoskopisti Ülvi Maçanov çıxış edb.
Tədbirdə bildirilib ki, "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir.
Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə paytaxt və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapıb.
Qeyd edək ki, Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start verib.