Gəncədə “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” və “Reproduktiv sağlamlıq" mövzularında tədbir keçirilib
Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər İcra Hakimiyyəti və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə gənclər üçün “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” və “Reproduktiv sağlamlıq" mövzularında tədbir təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nümayəndələri, ATU-nun müəllim və tələbələri iştirak ediblər.
Tədbiri ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, mövzuların aktuallağına toxunaraq, fikirlərini bölüşüb.
GŞBX-nın Hüquqşunası Hadı Hüseynov çıxış edərək, erkən nikah və qohum evliliklərinin sosial bir problem olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkədə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Hadı Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən artıq ölkəmizdə qohum evliliklərinə icazə verilmir və Qanunun müvafiq bəndləri 2025-ci il iyul ayının 1-dən qüvvəyə minir.
Tədbir çərçivəsində ailə həkimi-terapevt Tükəzban Məmmədova "Reproduktiv sağlamlıq" mövzusunda çıxış edib. O, reproduktiv sağlamlıq üzrə gənclərə geniş məlumatlar verib, onlara sanitar-gigiyenik qaydalara əməl etməyi və hər cür zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib. Həkim-terapevt ümumi sağlamlığın ən vacib hissəsi olan reproduktiv sağlamlığın qorunmasının gələcəkdə xəstəliklərdən uzaq, sağlam ailəyə və övladlara sahib olmaq demək olduğunu tələbələrin diqqətinə çatdırıb.
Sonda çıxışçılar tələbələrin ünvanladığı sualları cavablandırıblar.