Gəncədə "Əzm marafonu" keçirilib
Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilib. Tədbir Gəncə şəhər Heydər Əliyev Park-Kompleksində baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Texnologiya Universiteti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, Gəncə Gənclər Evi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan marafonda 250-dən nəfərdən çox şəxs iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, Azərbaycanın 1969-cu ildən başlayan tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə bütün sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilib. Respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynayıb. Günümüzdə Prezident İlham Əliyev gənclər və idman siyasətini uğurla davam etdirməkdədir.
Rəsmi hissədən sonra marafon iştirakçıları əzmlə mübarizəyə başlayıblar. Gəncə Gənclər Evinin qarşısında başlayan marafon əvvəlcədən müəyyən olunmuş marşrut üzrə davam edib və "Zəfər Tağı"nın önündə yekunlaşıb.
Marafonun yekununda I, II və III yerin sahiblərinə, həmçinin yarışda fərqlənən daha 7 iştirakçıya diplom və hədiyyələr təqdim olunub.