Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə fəaliyyət göstərən yəhudi icmasında görüş təşkil edilib

16 noyabr 2024 | 17:05

16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Gəncə Regional Yəhudi İcmasında görüş baş tutub. Yəhudilərin istirahət günü hesab edilən “Şabbat”a təsadüf edən görüş səmimi söhbət şəraitində keçib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Regional Yəhudi İcmasının sədri Arif Babayev və icma üzvləri, habelə DQİDK-nin Gəncə-Daşkəsən Regional Bölməsinin nüayəndəsi və digər qonaqlar iştirak ediblər.

Görüşdə çıxış edən Abuzər Zeynalov icma üzvlərini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb. O bildirib ki, Azərbaycanda bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşılır. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən mükəmməl modelini yaradıb.

Arif Babayev bildirib ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. O cümlədən, Gəncə və ətraf ərazilərdə yaşayan yəhudilər də azad şəkildə öz adət-ənənələrini qoruyub saxlayır, milli və dini bayramlarını qeyd edirlər. Bununla yanaşı, o icmaya göstərilən diqqətə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Çıxışlardan sonra görüş iştirakçıları nahar süfrəsi ətrafında milli və yahudi mətbəx nümunələrindən dadıblar.

Qeyd edək ki, “Gəncə Regional Yəhudi Dini İcması” 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda icmanın 300-yə yaxın üzvü var.

 

Keçidlər