Gəncədə “Ganja Cup 2025” üzgüçülük yarışı keçirilib
13-14 sentyabr 2025-ci il tarixlərində Gəncə İdman Sarayında “Ganja Cup 2025” üzgüçülük yarışı təşkil olunub. Yarış Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən universitet və təhsil müəssisələrinin dəstəyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə 24 klubdan olan 200-dən çox idmançı müxtəlif üslub və məsafələr üzrə bacarıqlarını nümayiş etdirib. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə və İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov təqdim ediblər.
Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarına da ev sahibliyi edəcək. Üzgüçülük yarışları 27 sentyabr – 2 oktyabr tarixlərində Gəncə İdman Sarayında keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri isə müvafiq olaraq 28 sentyabr və 8 oktyabrda yeni inşa olunmuş Gəncə Şəhər Stadionunda baş tutacaq.






