Gəncədə “Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” çərçivəsində “Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Gəncə İdman Sarayında keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, “TECHERA” şirkətinin təsisçisi Tariyel Dövlətov, UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının müdiri Bəhruz Bayramov, eləcə də universitetin professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Niyazi Bayramov Gəncənin ölkənin elmi, təhsil və iqtisadi inkişafındakı mövqeyini vurğulayaraq, bu kimi tədbirlərin aqrar sahədə yeni təşəbbüslərin təşviqi, regionların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Zəfər Qurbanov aqrar sektorun inkişafında elmi tədqiqatların, innovasiyaların, rəqəmsal texnologiyaların və dayanıqlı istehsal modellərinin əhəmiyyətindən danışıb. O, konfransa 350-dən çox elmi məruzənin təqdim edildiyini, onlardan 237 tezisin qəbul olunduğunu bildirib. Qeyd edib ki, elmi materiallar 42 ali təhsil və elmi-tədqiqat müəssisəsini, ümumilikdə 369 müəllifi əhatə edir.
Naqif Həmzəyev və Müşfiq Cəfərov aqrar sektorun iqtisadi potensialın gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan, müasir texnologiyaların tətbiqinin vacibliyindən danışıblar.
Digər çıxışlarda aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, universitet-özəl sektor əməkdaşlığı, regionların kənd təsərrüfatı potensialı, iqlim dəyişikliklərinin təsiri, təbii resurslardan səmərəli istifadə və biomüxtəlifliyin qorunması məsələləri diqqətə çatdırılıb.
Konfrans aqrar iqtisadiyyat və aqrobiznes, bitkiçilik və torpaqşünaslıq, dayanıqlı kənd təsərrüfatı, aqromühəndislik, rəqəmsal texnologiyalar və mütəxəssis hazırlığı istiqamətləri üzrə bölmə iclasları ilə davam edib. İclaslarda elmi məruzələr dinlənilib, aqrar sahənin aktual problemləri və inkişaf perspektivləri müzakirə olunub.






