Gəncədə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində tədbir keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə kampaniya çərçivəsində təhsil işçiləri üçün maarifləndirici təlim keçirilib.
M.Hadi adına 10 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvü Xalidə Mete, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri Nərgiz Həsənova, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin Təşkili bölməsinin inspektoru Tural Eldarov, 29 nömrəli tam orta məktəbin psixoloqu Fatimə Yusifova, təhsil sektorunun məsləhətçisi Rauf Mirzəyev, həmçinin məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və psixoloqları iştirak ediblər.
Görüşdə qeyd edilib ki, təlimin məqsədi cəmiyyətin sosial ədalət prinsiplərinə əsaslanaraq gender bərabərliyinin təşviqi və gender əsaslı zorakılıqla mübarizənin vacibliyini önə çəkməkdir. Təlim zamanı “Gender əsaslı zorakılıq”, “Gender bərabərliyinin təmin olunması”, “Məişət zorakılığının qarşısının alınması” və digər mövzularda çıxışlar dinlənilib.
Qeyd edək ki, kampaniya 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam edir. Bu müddət ərzində hər il müxtəlif formatlarda tədbirlər həyata keçirilir və dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı çağırışlar edilir.






