Gəncədə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvlərinin qiymətləndirmə görüşü keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvlərinin qiymətləndirmə tədbiri keçirilib. İcra Hakimiyyətinin inzibati binasında reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, BMT-nin Əhali Fondunun eksperti Sara Ağayeva və “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri iştirak ediblər.
Adil Tağıyev görüş iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq tədbirin gedişatına uğurlar arzulayıb.
Sara Ağayeva çıxış edərək layihə haqqında geniş məlumat verib. Bildirib ki, BMT-nin Əhali Fondu Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AQUPDK ilə sıx əməkdaşlıq çərçivəsində “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” adlı gender əsaslı zorakılıq üzrə işlərin idarə olunması sisteminin gücləndirilməsinə həsr olunmuş dördillik qlobal proqram həyata keçirir. Proqramın dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilməsi nəzərdə tutulur. Layihədə əsas məqsəd gender əsaslı zorakılıqla bağlı işlərin idarə edilməsi üzrə kadr potensialının artırılması və mövcud sistemin təkmilləşdirilməsi yolu ilə gender əsaslı zorakılıq qurbanları üçün keyfiyyətli xidmətlərin davamlılığını və əlçatanlığını təmin etməkdir. Layihə fəaliyyətlərinin həyata keçirilməsi üçün ölkənin dörd iqtisadi zonası seçilib. Layihə sənədinin hazırlanması prosesində donorun tələblərinə uyğun olaraq bölgələrin seçilməsi üçün əsas meyarlardan biri də həmin yerlərdə qadınlara qarşı zorakılıq üzrə sığınacaqların və ya dəstək mərkəzlərinin olmasıdır.
Toplantıda məişət zorakılığına və uşaqlara qarşı zorakılıq üzrə daxil olan müraciətlərə baxılma qaydaları, qarşıya çıxan problemlər müzakirə edilib və bir sıra təkliflər irəli sürülüb.