Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır
Ötən gün axşam saatlarında Gəncə şəhərində güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması şəhər ərazisində bir sıra fəsadlara yol açıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində, X.Xasməmmədov, Əttarlar və bir sıra digər küçələrində 20-yə yaxın iri, orta və xırda gövdəli ağac aşıb, şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər zərər görüb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, axşam saatlarından etibarən Gəncə şəhər MKTİB-nin canlı qüvvəsi və texnikaları vasitəsilə güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Belə ki, kökündən qopan və qırılan ağacların doğranaraq, ərazidən daşınması təmin edilib, aşma ehtimalı olan 20-dən artıq ağac tam və ya qismən zərərsizləşdirilib, ağacların təhlükə yaradan budaqları kəsilib. Eyni zamanda şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər təmir olunub. Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yol açdığı fəsadlar günün ikinci yarısınadək tam aradan qaldırılacaq.