Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd olunub

27 may 2025 | 11:58

Gürcüstanın Gəncədəki Baş Konsulluğu ölkəsinin Müstəqillik Gününü qeyd edib.

Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Kaxaber Abdaladze çıxış edərək ölkəsinin müstəqilliyə gedən yolundan, dövlət quruculuğu prosesindən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, Gürcüstan öz müstəqilliyini daha da möhkəmləndirir, iqtisadiyyatını və demokratik təsisatlarını inkişaf etdirir. Baş konsul, həmçinin vurğulayıb ki, Gürcüstanın xarici siyasətində Azərbaycanla əməkdaşlıq xüsusi yer tutur. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri bir çox sahələrdə, xüsusilə enerji, nəqliyyat, ticarət və mədəniyyət sahələrində uğurla inkişaf edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da çıxış edərək Gürcüstan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. O, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahəsində birgə layihələr regional inteqrasiya və təhlükəsizliyə mühüm töhfə verir.

Rəsmi hissədən sonra tədbirin konsert proqramı başlayıb. Qax rayon Mədəniyyət Mərkəzi Əlibəyli kənd Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Legenda” ansamblı və “Qurmuq” vokal ansamblı tərəfindən Gürcüstanın milli mahnıları və rəqsləri təqdim olunub. Bununla yanaşı, Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Uşaq Rəqs Ansamblının çıxışı da böyük maraqla qarşılanıb.

Çıxışlar tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Tədbirin sonunda iştirakçılara Gürcüstan milli mətbəxinin ləzzətli təamları təqdim olunub.

Keçidlər