Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib

08 may 2025 | 15:04

Gəncə Şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının  birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans gerçəkləşib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Musa Quliyev, Kamal Cəfərov, ictimai xadim Həsən Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.

Əvvəlcə rəsmilər Gəncə şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolundan bəhs edən video-çarx nümayiş etdirilib.

Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb. O bildirib ki, Heydər Əliyev yalnız siyasi xadim deyil, həm də müasir müstəqil Azərbaycanın memarıdır. Ümummilli liderin uzaqgörən siyasəti, müdrikliyi və dəmir iradəsi nəticəsində ölkəmizin ağır sınaqlardan üzüağ çıxaraq regionun lider dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmizin həyatında yeni bir mərhələ başlayıb, məhz bu uzaqgörən siyasət sayəsində mühüm uğurlar əldə olunub. Heydər Əliyev irsinin bu gün də Azərbaycan üçün əsas yol göstəricisi olduğunu bildirən şəhər rəhbəri, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bu irsin davamlı və sarsılmaz olduğunu bir daha sübut etdi. Heydər Əliyevin siyasi ideyaları və qurduğu müstəqil dövlət bu gün hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs bir mirasdır.

Bahar Muradova bildirib ki, bu gün dünyada gedən proseslər, müharibə və müxtəlif qarşıdurmaların olduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi xalqlara sülh, əminamanlıq, dinlər və etnik qruplar arasında tolerantlıq və multikultural dəyərlərin bərqərar olması istiqamətindəki siyasət onu göstərir ki, Ulu babalarımızın bizə miras qoyub getdiyi dəyərlərə sadiqik və bəşəriyyət naminə istifadə etməkdəyik. Azərbaycanın dövlət siyasətində gənclərin xüsusi yer tutduğunu diqqətə çatdıran Bahar Muradova qeyd edib ki, gənclər ilk növbədə doğulduğu ailədə, təhsil aldığı məktəbdə, Universitetdə yetişir və bu sosial mühitin ona verdiyi imkanlardan faydalanaraq şəxsiyyət kimi böyüyür, vətəndaş kimi formalaşır.

Tədbirin Gəncə şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdıran Bahar Muradova, bir neçə gündən sonra Gəncə hadisələrinin baş verməsinin növbəti ildönümü olacağını xatırladıb. Bildirib ki, Gəncə hadisələri zamanı ölkənin qarşılaşdığı təhlükələr o qədər ciddi idi ki, yalnız güclü və qətiyyətli liderliklə – məhz ümummilli lider Heydər Əliyevin iradəsi və siyasi uzaqgörənliyi ilə bu böhrandan çıxış yolu tapmaq mümkün olmuşdu. O qeyd edib ki, əgər Heydər Əliyev xalqın və siyasi qüvvələrin çağırışı ilə Bakıya gəlməsəydi, Azərbaycan bu gün parçalanmaq təhlükəsi ilə üzləşən ölkələrdən biri ola bilərdi. Fikirlərini Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə yekunlaşdıran B.Muradova, bundan sonra da xalqı üçün çalışan, fədakarlıq göstərən çoxsaylı oğul və qızların yetişəcəyinə inamını ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki tarixi xidmətlərindən bəhs edib. O, dövlət idarəçiliyində əldə olunan uğurlardan, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb.  Qeyd edib ki, sıralarında minlərlə fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq, öz nüfuzunu durmadan artırmaqdadır.

Konfrans Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu ilə panel müzakirələrlə davam edib.  Paneldə Milli Məclisin deputatları Musa Quliyev və Kamal Cəfərov, ictimai xadim Həsən Həsənovun çıxışları dinlənilib.  

Qeyd edək ki, konfransın məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir.

Keçidlər