Gəncədə “Heydər Əliyev ideyaları Gəncənin yüksəlişinin istinad mənbəyidir” mövzusunda konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları Gəncənin yüksəlişinin istinad mənbəyidir” mövzusunda konfrans keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik, Milli Qurtuluş Gününün 30 illik yubileylərinə həsr edilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və şəhər ziyalıları iştirak ediblər.
Əvvəlcə Ümummili Lider Heydər Əliyevin şəhərin Baş meydanında ocaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. O bildirib ki, Ümummilli Lider daim millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində təməl prinsip və norma kimi qəbul edib. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Şəhər rəhbəri qeyd edib ki, Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini və mövqeyini yaxşı bilirdi. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. Məhz Heydər Əliyev dövründə Gəncənin iqtisadi potensialı yaradılmış, sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin və bünövrə qoyulmuşdur.
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi faəliyyətindən söz açıb. O bildirib ki, Heydər Əliyev dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. O bildirib ki, bu gün regionun gündəliyini Ulu Öndərin layiqli varisi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev diktə edir. Dünya gücləri məhz Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqlarla hesablaşırlar.
Konfransın davamında “Heydər Əliyev Gəncənin yüksəlişinin və quruculuğunun banisidir”, “Heydər Əliyev irsi Gəncədə layiqincə yaşadılır”, “Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiya Azərbaycanı Zəfərə apardı” və “Heydər Əliyev ideyaları gəncəli gənclərin istinad mənbəyidir” mövzularında məruzlər dinlənilib.