Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev - Gənclərin Zəngin İrs Mənbəyi” mövzusunda konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və Gəncə Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Heydər Əliyev - Gənclərin Zəngin İrs Mənbəyi” mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində reallaşan konfransda AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, idarə, müəssisə və təşkilat rəhbrələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Digər natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Sonda şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs təşəkkürnamə ilə təltif edilib və xatirə şəkli çəkdirilib.