Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin açılış mərasimi keçirilib

26 noyabr 2026 | 12:18

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsi – qış məktəbinin açılış mərasimi Gəncə İdman Sarayında keçirilib.

Əvvəlcə iştirakçılar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.  

“Milli dövlətçilik və gənclər siyasəti: tarixi irsdən müasir hədəflərə” mövzusuna həsr olunan açılış mərasimində Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rəsmilər layihənin gənclərin intellektual potensialının artırılması, dövlətçilik ənənələrinin təbliği, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, “Heydər Əliyev məktəbi” gənclərin liderlik və təşkilatçılıq bacarıqlarının inkişafına, ictimai-siyasi fəallığının artırılmasına, eləcə də şəhərsalma və memarlıq sahəsində biliklərinin genişləndirilməsinə xidmət edir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında iştirakçıları icra başçısı Niyazi Bayramovun adından salamlayaraq, belə bir maarifləndirici layihənin Gəncədə təşkil olunmasını yüksək qiymətləndirib. O, Ulu Öndər Heydər Əliyevin şəhərin sosial-iqtisadi inkişafına, tarixi-memarlıq irsinin qorunmasına və gənclər siyasətinə göstərdiyi diqqətdən bəhs edib, qış məktəbinin iştirakçılarına uğurlar arzulayıb.

Digər çıxışlarda da dövlətçilik irsinin gənc nəslə çatdırılmasının, gənclərin təşəbbüslərinin dəstəklənməsinin və onların ölkənin ictimai həyatında fəal iştirakının vacibliyi qeyd olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qış məktəbinin proqramına uyğun olaraq iştirakçılar üçün müxtəlif mədəni-əyləncəli tədbirlər təşkil olunub, Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan “44” bədii filmi nümayiş etdirilib.

Keçidlər