Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinin açılış mərasimi keçirilib
Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinin açılış mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları,` partiya fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Gəncə İdman Sarayında keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Bayram Aslanov “Heydər Əliyev məktəbi” layihəsinin növbəti mərhələsinin Nizami yurdu Gəncədə keçirilməsinin böyük mənəvi və siyasi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi müasir Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir. Bu irsin öyrənilməsi gənclərin dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bayram Aslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində, o cümlədən Gəncədə həyata keçirilən genişmiqyaslı quruculuq və müasir şəhərsalma layihələrinin Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu davamı olduğunu vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin Azərbaycanın ən böyük milli sərvətlərindən biri olduğunu bildirib. Şəhər rəhbəri qeyd edib ki, Heydər Əliyevin hər iki rəhbərlik dövründə Gəncənin inkişafına, şəhərin sənaye, elm və mədəniyyət mərkəzi kimi formalaşmasına göstərdiyi diqqət və qayğı bu gün də böyük ehtiramla xatırlanır. Niyazi Bayramov bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ramilə Bədəlova “Heydər Əliyev məktəbi” layihəsinin gənclərin siyasi biliklərinin artırılması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və partiya fəallarının intellektual potensialının inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu bildirib.O qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən layihə iştirakçılarda Azərbaycanın müasir memarlıq simasının formalaşmasında Heydər Əliyev siyasi xəttinin rolu barədə daha dolğun təsəvvür yaradacaq.
Ziyafət Əsgərov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təliminin müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin və strateji uğurların əsasını təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yaradılmış güclü dövlət modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni və qüdrətli mərhələsini yaşayır.
Siyavuş Novruzov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin ölkənin bütün bölgələrinin tarazlı inkişafında, yerli idarəetmənin təkmilləşdirilməsində və sosial-iqtisadi infrastrukturun formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma konsepsiyalarının Ulu Öndərin müəyyən etdiyi strateji hədəflərin uğurlu təcəssümü olduğunu bildirib.
Elman Cəfərli “Heydər Əliyev məktəbi” layihəsinin regionlararası əməkdaşlığın inkişafına, xüsusilə Naxçıvan və Gəncə şəhərlərinin gəncləri arasında həmrəyliyin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik məktəbinin öyrənilməsi və təbliği gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib






