Gəncədə “Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı” mövzusunda konfrans keçirilib
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans Heydər Əliyev Mərkəzində reallaşıb. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və “Azəralüminium” MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, “Azəralüminium” MMC-nin Baş direktoru Maksim Cavadov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədr müavini, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı müstəsna xidmətlərinə həsr olunmuş foto sərgiyə baxış keçiriblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Niyazi Bayramov dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən, xalqına, torpağına olan böyük sevgisindən bəhs edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən dövlətçilik xətti, siyasi məktəb yaradıb. Ümummilli Liderin siyasi məktəbinin layiqli davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir.
Tədbirdə çıxış edən Kamran Nəbizadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dərin zəkası, bütün sahələrə yaxşı bələd olması Azərbaycanın uğurlu inkişaf konsepsiyasının hazırlanmasına təkan verib. Kamran Nəbizadə vurğulayıb ki, sənayenin dinamik yüksəlişini təmin etmək üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda struktur islahatlardan həyata keçirilib, Ümummilli Lider daim ölkədə metallurgiyanın inkişafına xüsusi diqqət göstərib.
Çıxış edən natiqlər ölkədə sənayenin inkişafında dahi liderin müstəsna xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, Ulu Öndər böyük siyasi iradəyə, sarsılmaz əqidəyə, tükənməz dövlət idarəçiliyi istedadına malik olub.
Çıxışlardan sonra “Əbədiyyətin ilk əsri. Heydər Əliyev-100” adlı sənədli film nümayiş olunub.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azəralüminium” MMC-nin bir qrup əməkdaşına “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lər təqdim olunub.
Tədbirdən sonra rəsmilər “Azəralüminium” MMC-nin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.