Gəncədə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunan “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda XVI Beynəlxalq elmi konfrans keçirilib. Konfrans Bakı Slavyan Universitetinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, ADAU-nun rektoru Zəfər Qurbanov, millət vəkili Vüqar Rəhimzadə və digər rəsmilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin önündə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Daha sonra Ümummilli Liderin siyasi fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Çıxışlarda Heydər Əliyevin Gəncəyə göstərdiyi diqqət, onun elm, təhsil, mədəniyyət və gənclər siyasətinə verdiyi töhfələr vurğulanıb. Qeyd olunub ki, bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransın bölmə iclasları Gəncə Dövlət Universitetində keçirilib.