Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!” adlı konsert proqramı keçirilib

21 iyun 2023 | 09:06

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!" adlı konsert proqramı təqdim olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, Türkiyənin Gəncədəki vitse konsulu Özkan Büktel, millət vəkilləri Müşfiq Cəfərov, Razi Nurullayev, YAP Gəncə şəhər təşkilatının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Gəncə üzrə nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhid, qazi ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxış edərək, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Şəhər rəhbəri bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmiz və xaricində silsilə tədbirlərin keçirildiyini qeyd edib, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salıb.

Uşaq Səfirlər Məclisinin Gəncə üzrə nümayəndəsi Hüseyn İsmayılov çıxışında uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətənə və xalqa gərəkli övlad kimi böyüməsinin Ümummilli Liderin daim diqqət mərkəzində olduğunu söyləyib.

Tədbirdə Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında Ulu Öndərə ithaf olunmuş mahnılar, musiqi nümunələri tamaşaçılara təqdim edilib. İzləyicilərin sonsuz marağına səbəb olan geniş konsert proqramı hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda tədbirdə fəal iştirakına görə özfəaliyyət kollektivləri YAP Gəncə şəhər təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Keçidlər