Gəncədə “Himayədar ailə” uşaq alternativ qayğı modeli haqqında ictimai dinləmə keçirilib
Gəncə Dövlət Universitetində Gəncə Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialının birgə təşkilatçılığı ilə “Himayədar ailə” uşaq alternativ qayğı modeli mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Filialının müdiri Hikmət Əmiraslanov, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Uçot şöbəsinin müdiri Samir Hüseynov, Gəncə-Daşkəsən Regional Filialının aparıcı mütəxəssisi Cavanşir Ələkbərov, eləcə də universitetin müəllim heyəti iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Hikmət Əmiraslanov Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarına göstərilən sosial xidmətlər, bu sahədə operativlik, əlçatanlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Sonra çıxış edən digər natiqlər “Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, müraciət qaydaları və bu sahədə mövcud hüquqi çərçivə barədə iştirakçıları məlumatlandırıblar. Həmçinin himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi və digər praktiki məsələlər təqdimatlar vasitəsilə izah edilib.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






