Gəncədə “Himayədar ailə” uşaq alternativ qayğı modeli haqqında ictimai dinləmə təşkil olunub
Gəncə Dövlət Universitetində Gəncə Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının birgə təşkilatçılığı ilə “Himayədar ailə” uşaq alternativ qayğı modeli mövzusunda növbəti ictimai dinləmə keçirilib.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının müdiri Hikmət Əmiraslanov, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Babayeva, Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Asif Cavadov, Universitetin prorektoru Gülsüm Fətəliyeva, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum uşaqlarla iş departamentinin Monitorinq şöbəsinin müdiri Qara Rəhimov, filialın aparıcı mütəxəssisi Cavanşir Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, QHT nümyəndələri, səhiyyə və təhsil işçilər, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Hikmət Əmiraslanov Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarına göstərilən sosial xidmətlər, eləcə də bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən natiqlər “Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, müraciət qaydaları və mövcud hüquqi çərçivə barədə danışıblar. Valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi və bu sahədə qarşıya çıxan praktiki məsələlər təqdimatlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin “Sosial təhlükəli vəziyyətdə olan uşaqlarla aparılan iş və əməkdaşlıq” mövzusunda məruzə dinlənilib.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






