Gəncədə "İdman narkotiklərə qarşı: Sağlam həyatı seç!" mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən "İdman narkotiklərə qarşı: Sağlam həyatı seç!" layihəsi çərçivəsində Gəncə şəhərində maarifləndirici tədbir keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı İlkin Cavadov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, layihə rəhbəri Telman Məmmədov, eləcə də idman ictimaiyyətinin nümayəndələri və gənc idmançılar iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edərək, bu bəlanın qarşısının alınmasında idmanın mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, sağlam həyat tərzinin təbliği, gənclərin idmana cəlb olunması və onların zərərli vərdişlərdən uzaq saxlanılması gələcəyin sağlam nəslinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində yeniyetmə idmançıların güləş üzrə nümunəvi çıxışları maraqla izlənilib.
Sonda layihədə iştirak edən şəxslərə sertifikatlar təqdim olunub, iştirakçılar "Narkotiklərə yox, sağlam həyata bəli!" şüarı ətrafında həmrəylik nümayiş etdiriblər.






