Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ilk dəfə “Caz axşamı” layihəsi təqdim olunub

19 mart 2024 | 16:16

Əməkdar artist, pianoçu, bəstəkar və musiqi prodüseri Emil Əfrasiyab Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib. Konsert proqramı Azərbaycan caz musiqisinin banisi, Azərbaycan SSR əməkdar artisti Vaqif Mustafazadənin anadan olmasının 84 illiyi münasibətilə təşkil olunub.

“Caz axşamı”nda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynov, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımov, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin musiqisevərlər iştirak ediblər.

İki saata yaxın davam edən konsert proqramında pianoçunun ifasında müxtəlif kompozisiyalar səslənib. Emil Əfrasiyabın təqdim etdiyi Azərbaycan muğamı ilə cazın sintezindən meydana gələn əsrarəngiz musiqilər tamaşaçılar tərfindən alqışlarla qarşılanıb.

“Caz axşamı”nda qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqov, bədii rəhbəri olduğu "Qaytağı" instrumental ansamblı, həmçinin Əməkdar artist Abbas Bağırov çıxış ediblər.

Konsert proqramına Emil Əfrasiyab və Ənvər Sadıqovun müşaiyətilə Abbas Bağırov və Ramil Qasımovun ifasında “Ey, Vətən!” mahnısı ilə yekun vurulub.

Keçidlər