Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans keçirilib

21 oktyabr 2025 | 17:36

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhərdə fəaliyyət göstərəmn universitet rektorları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Mərkəzin önündə ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Niyazi Bayramov çıxışında Gəncənin tolerantlıq və multikultural dəyərləri ilə fərqləndiyini, din xadimlərinin isə milli-mənəvi birliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, tədbirin fikir mübadiləsi və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inandığını bildirib.

Ramin Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda inklüziv cəmiyyət modeli formalaşıb. O, müasir dövrdə din xadimlərinin gənclərlə dialoq quran, sosial mediada maarifçilik aparan və cəmiyyətin mənəvi immunitetini gücləndirən fəaliyyətinin önəmini vurğulayıb.

Milli Məclisin deputatları Musa Quliyev və Müşfiq Cəfərov da çıxış edərək Azərbaycanda mövcud dini tolerantlıq mühitinin, qarşılıqlı hörmət və əməkdaşlığın inklüziv cəmiyyətin əsas dayaqlarından biri olduğunu qeyd ediblər.

Rəsmi hissədən sonra konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” adlı birinci panelinə Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov moderatorluq edib. Deputat Pərvin Kərimzadə dini müxtəlifliyin və birgəyaşayışın dövlət müstəqilliyi və sabitlik üçün əsas olduğunu vurğulayıb. Dosent Elnurə Əzizova qadınların mənəvi dəyərlərin qorunması və birgəyaşayış mədəniyyətinin formalaşmasındakı roluna toxunub. Dosent Anar Qafarov isə dini müxtəlifliyin qarşılıqlı anlayış və əməkdaşlıq mədəniyyəti kimi əhəmiyyətini qeyd edib.

“Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik” mövzusunda ikinci panelə Komitənin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov moderatorluq edib. Deputat Naqif Həmzəyev dini ənənələrin müasir dövrün tələbləri ilə uzlaşdırılmasının vacibliyini vurğulayıb. QMİ Qazılar Şirasının üzvü Hacı Tahir Abbasov gənclərin sağlam dini biliklərlə maarifləndirilməsinin önəmini qeyd edib. Dosent Əhməd Niyazov isə məzhəb fərqliliklərinin aradan qaldırılmasının ümmət birliyinin gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Yekunda çıxış edən Ramin Məmmədov bildirib ki, regionlarda tədbirin keçirilməsində əsas ideoloji hədəf cəmiyyətdə dini dözümlülük və mədəni müxtəlifliyin dəyərinin daha dərin anlaşılmasına nail olmaqdır. Eyni zamanda inklüziv cəmiyyətin formalaşmasında din xadimlərinin tolerantlıq, bərabərlik və mənəvi dəyərlərin təbliği ilə bağlı mühüm rolundan danışıb.

Sonda xatirə şəkli çəkdirlib.

Keçidlər