Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu" adlı respublika elmi-praktik konfransı keçirilib

05 noyabr 2024 | 17:27

Azərbaycan Texnologiya Universitetində keçirilən və  8 Noyabr - Zəfər Gününə həsr olunmuş konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Anar Abdullayev, təşkilat rəhbərləri və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

Əvvəlcə rəsmilər universitetin ərazisində yerləşən Şəhidlər abidəsini və lövhəsini, həmçinin  ATU-nun foyesində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.  

Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.

Niyazi Bayramov çıxışında 30 ildən çox işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun gücü ilə cəmi 44 gün ərzində azad edildiyini bildirib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında keçirilən antiteror əməliyyatında isə suverenliyimizin tamamilə bərpa olunduğunu diqqətə çatdırıb. Şəhər rəhbəri Azərbaycan Texnologiya Universitetində təşkil olunmuş tədbirin Zəfər tariximizə həsr edildiyini vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.

Yaşar Ömərov çıxış edərək zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi ilə bərabər yüksək texnologiyaların rolundan danışıb, işğaldan azad olunmuş ərazilərdə ağıllı kənd, ağıllı şəhər konsepsiyası əsasında aparılan quruculuq işlərində əks olunan müasir texnoloji trendləri vurğulayaraq konfransın mövzusunun aktuallığına diqqət çəkib.

Plenar iclasda mövzu ətrafında müxtəlif məruzələr dinlənilib.

Qeyd edək ki, konfransın məruzələr toplusuna 400-ə yaxın tezis qəbul edilib. 

İki günlük Respublika elmi-praktik konfransı Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar olmaqla 11 bölmələrdə hibrid qaydada öz işini davam etdirib.

Keçidlər