Gəncədə intensiv yağıntıların süni göldə törətdiyi fəsadlar aradan qaldırılır
22 İyun 2023-cü il tarixində Gəncədə yağan güclü yağış səbəbindən Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində yerləşən süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində bir sıra fəsadlar baş verib. Ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə sözügedən əraziyə yerində baxış keçiriblər. Şəhər rəhbərinə məlumat verilib ki, hazırda baş vermiş fəsadların aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir.
Görülən təxirəsalınmaz tədbirlərlə yerində tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aidiyyəti üzrə tapşırıq və tövsiyyələrini verib.
Qeyd edək ki, cari ilin may-iyun aylarında Qərb bölgəsində müşahidə olunan leysan xarakterli yağıntılar Gəncə şəhərinin bir sıra ərazilərində fəsadlar törədib.