Gəncədə “Kapital Bank”ın yeni konseptli ilk filialının açılış mərasimi keçirilib
Ölkənin birinci bankı “Kapital Bank” rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bir ekosisteminin rəhbəri, Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, “Kapital Bank”ın Gəncə filialının direktoru Vüqar Paşayev, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də bank əməkdaşları və müştərilər iştirak ediblər.
Niyazi Bayramov çıxışında yeni konseptli ilk filialın məhz Gəncədə istifadəyə verilməsinin şəhər üçün əhəmiyyətini vurğulayıb. O, ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Gəncədə də müxtəlif sahələrdə müasir layihələrin həyata keçirildiyini qeyd edib. “Kapital Bank”ın yeni konseptli ilk filialının şəhərdə açılmasını bu istiqamətdə əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Fərid Hüseynov yeni formatda ilk filialın məhz Gəncədə istifadəyə verilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankı olaraq, daim müasir rəqəmsal həlləri müştərilər üçün daha əlçatan və sadə etməyə çalışırlar. Paytaxtda yaradılan innovativ mühitin və rəqəmsal imkanların ölkənin bütün regionlarında eyni səviyyədə əlçatan olması əsas hədəflərdəndir.
O, rəqəmsal texnologiyaların imkanlarını insan ünsiyyətinin üstünlükləri ilə birləşdirən yeni filialda müştərilərin həm müasir xidmətlərdən rahat yararlanmalarını, həm də bank əməkdaşlarının fərdi yanaşmasını və diqqətini hiss etmələrini istədiklərini vurğulayıb.
Yeni konseptin əsas üstünlüklərindən biri filialda bir sıra xidmətlərin tamamilə rəqəmsallaşdırılmasıdır. Belə ki, filialda yaradılan Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr və digər əməliyyatları sərbəst şəkildə həyata keçirə bilərlər. Həmçinin, ölkənin bankçılıq tarixində ilk dəfə olaraq müştərilərə QR-kod vasitəsilə onlayn növbə götürmək imkanı yaradılıb.
Qeyd edək ki, yeni konsepsiya əsasında fəaliyyətə başlayan Gəncə filialı həftənin iş günləri saat 09:00-dan 18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə xidmət göstərəcək. Filialda əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər bank məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi də daxil olmaqla, bütün növ bank xidmətləri təqdim olunur.
Xatırladaq ki, “Kapital Bank” 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankdır.






