Gəncədə keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans başa çatıb
Gəncə şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans iyulun 27-də öz işini davam etdirib.
İctimaiyyət nümayəndələri, din xadimləri və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev şəhərdə dini durumun sabit olduğunu bildirib. A.Tağıyev Gəncədəki bütün dinlərin və məzhəblərin nümayəndələrinin sülh, qardaşlıq şəraitində yaşadığını vurğulayıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, həmçinin Azərbaycanda tolerant, multikultural mühitin hökm sürdüyünü bildirib. Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən də danışan DQİDK sədrinin birinci müavini din xadimlərinin bu istiqamətdə fəallıq nümayiş etdirməli olduqlarını diqqətə çatdırıb.
Qeyd olunub ki, hər bir vətəndaş, həmçinin dindarlar qanunlara hörmətlə yanaşmalı, qanundan irəli gələn prinsiplərə riayət etməlidirlər. O da vurğulanıb ki, bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, o cümlədən ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü büruzə verir. Millət vəkilinin sözlərinə görə, respublikamızda hökm sürən ictimai-siyasi sabitlik vətəndaşlarımızın təhlükəsiz və rahat həyatının təmin edilməsinin əsasını təşkil edir.
Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov çıxışlarında milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd ediblər. Çıxışlarda o da diqqətə çatdırılıb ki, bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Üç günlük konfrans müzakirələrlə yekunlaşıb.