Gəncədə keçirilən “Nizami Günləri” layihəsinin bağlanış mərasimi baş tutub
12-15 Sentyabr 2024-cü il tarixlərində Gəncə şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri, dünya şöhrətli söz ustadı Nizami Gəncəvinin anadan olmasının 883 illiyinə həsr olunmuş “Nizami Günləri” layihəsi keçirilib. Silsilə tədbirlər Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Beynəlxalq Muğam Mərkəzinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
“Nizami Günləri” layihəsinin sonuncu günündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Nizami" operası nümayiş olunub.
Bağlanış mərasimində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, regional idarələrin rəhbərləri, mədəniyyət işçiləri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Opera nümayişindən əvvəl dahi şair və mütəffəkir Nizami Gəncəvinin ədəbi irsindən söz açılıb. Qeyd olunub ki, Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə misilsiz söz inciləri bəxş etmiş dahi şair fikir tarixində silinməz izlər qoymuş, nəinki ölkəmizdə, Şərqdə, bu hüdudlardan çox-çox uzaqlarda da ölməz, həmişə yaşar əsərləri ilə böyük şöhrət qazanmışdır. Həmçinin qeyd olunub ki, “Nizami” operası 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmışdır. Şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. “Nizami” operası SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyi ilə 2021-ci ildə yenidən səhnəyə qoyulmuşdur.
Çıxışlardan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Nizami" operası nümayiş olunub. Gəncədə ilk dəfə təqdim olunan operanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeystrı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeystrı Əməkdar incəsənət xadimi Yuriy Lobaçevdir. Tamaşada əsas obrazları Əməkdar artistlər İnarə Babayeva və Tural Ağasıyev, həmçinin Mahir Tağızadə, Taleh Yahyayev və Elmir Rüstəmov canlandırıblar. Nizami obrazını isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov ifa edib.
Nizami Gəncəvi Məqbərə Kompleksində baş tutan “Nizami Günləri” layihəsi atəşfəşanlıqla başa çatıb.