Gəncədə kərpic zavoduna baxış keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev "FƏXRƏDDİN – K" MMC-nin Gəncə kərpic zavodunda olaraq istehsal prosesi, müəssisənin fəaliyyəti və inkişaf perspektivləri ilə yaxından tanış olub.
Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən "FƏXRƏDDİN – K" MMC-nin Gəncə kərpic zavodu regionun ən mühüm kərpic istehsalı müəssisələrindən biridir. Zavodun ümumi sahəsi 1,2 hektar təşkil edir və burada illik 10 milyon ədəd müxtəlif ölçülü şərti kərpic istehsal etmək gücünə malik müasir istehsal xətti mövcuddur.
Müəssisədə quraşdırılmış avadanlıqlar Almaniya istehsalıdır ki, bu da həm məhsulların keyfiyyətini, həm də istehsal prosesinin səmərəliliyini yüksəldir. Zavodda istehsal olunan kərpiclər ölkənin müxtəlif bölgələrində satışa çıxarılır və bazarda yüksək tələbatla seçilir.
Hazırda müəssisədə 50-dən artıq işçi çalışır və zavodun fəaliyyəti regionda məşğulluğun artırılmasına və sosial-iqtisadi inkişafa mühüm töhfə verir.






