Gəncədə Kiçik və Orta Biznes (KOB) evi inşa edilir
Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB evi inşa edilir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə KOB evi”ndə aparılan tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, 2183 kv.m. tikinti sahəsi olan “Gəncə KOB evi” 2 mərtəbədən və zirzəmidən ibarətdir.
Burada 70 xidmət masası qurlaşdırılacaq və Gəncə-Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri biznes-biznes (B2B) xidmətləri göstəriləcəkdir.
“Gəncə KOB evi”nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub. Niyazi Bayramov işlərin gedişatı ilə tanış olub və öz tövsiyələrini verib.
Qeyd edək ki, kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.