Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib

14 mart 2025 | 12:54

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə Şəhər Ağsaqqallar Şurasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin və  Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə  “Türk dünyası qovuşağında milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda konfrans keçirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Solay, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, DQİDK Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, ağsaqqallar, ziyalılar, şəhid ailələri, həmçinin Gəncədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra  Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram Yusifov konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir.

Zəfər Qurbanov tədbir iştirakçılarını salamlayıb və bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Rektor bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu bildirib.

Yadigar Bədəlov mövzu ilə bağlı bu sahədə aparılan dövlət siyasətindən bəhs edib. Vurğulayıb ki, ötən günlər Gəncədə səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhərdə məscid və kilsənin mövcud vəziyyəti ilə yaxından tanış olması, milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin bariz göstəricisidir.

Çıxış edən natiqlər mövzu ətarfında fikirlərini bildirib və milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Keçidlər