Gəncədə maarifləndirici tədbirlər keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində narkomanlığa qarşı mübarizə və antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdən biri Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə universitetdə tələbələr üçün təşkil olunub.
Digər maarifləndirici tədbir isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib. Tədbirin əsas məqsədi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomaniya və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması olub.
Hər iki tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı iştirakçılara narkotik və psixoaktiv maddələrin insan sağlamlığına, orqanizminə və cəmiyyətə vurduğu zərər, narkotik asılılığının yaranma səbəbləri və formalaşma mərhələləri, narkotik vasitələrdən istifadənin risk amilləri, eləcə də bu sahədə mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, rəqəmsal mühitdə narkotiklərlə bağlı risklər, internet və sosial şəbəkələr vasitəsilə həyata keçirilən gizli manipulyasiyalar, qadağan olunmuş maddələrdən istifadənin sosial və hüquqi fəsadları diqqətə çatdırılıb. Uşaq evinin sakinləri ilə keçirilən görüşdə mənəvi-əxlaqi dəyərlərin təbliği, yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən uzaq durması, asudə vaxtın səmərəli təşkili, idman və incəsənətlə məşğul olmağın əhəmiyyəti, həmçinin gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələr verilib.
İnteraktiv şəkildə davam edən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclər və yeniyetmələr arasında profilaktik və maarifləndirmə işlərinin gücləndirilməsinin, risk qrupları üzrə vaxtında qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar tələbələrə və şagirdlərə paylanılıb. Həmçinin narkotik və psixotrop maddələrdən sui-istifadə hallarının müəyyənləşdirilməsinə dair metodik tövsiyələrdən ibarət kitabça uşaq evinin müəllim heyətinə təqdim edilib.






