Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış” layihəsinin təqdimatı keçirilib

02 may 2024 | 19:12

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış” layihəsinin təqdimatı olub. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində icra olunan layihənin təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri,  həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bildirib ki, iqlim dəyişmələri qlobal bir problemdir və əksər dünya ölkələrini narahat edir. Azərbaycanda da iqlim dəyişmələrinə qarşı mübarizə aparılır. O qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycanda ilk olaraq məhz Gəncə şəhəri AYİB-in “Yaşıl şəhərlər” proqramına qoşulub. Gəncə şəhərində Ekoloji Park Kompleksinin yaradıldığı diqqətə çatdıran Adil Tağıyev, yaxın illər ərzində Gəncə şəhərinin yaşıl şəhərə çevrilməsi istiqamətində mühüm addımların atıldığını bildirib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Ümummilli Lider Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalaması və görülən işlər bu uğurlu siyasətin bariz nümunəsidir.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova “Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış” layihəsinin məqsədi haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, layihə çərçivəsində cari il ərzində ətraf mühit ilə bağlı filmlər nümayiş olunacaq, şagirdlər üçün ”yaşıl dünyanı tanıyaq”, “yaşıl dünya ilə tanış olaq” və s. mövzusunda dərslər keçiriləcək, ekoloji laboratoriyalar təşkil olunacaq. Uşaqların və gənclərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər aparılacaq. Müxtəlif müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində ağacəkmə aksiyaları təşkil ediləcək.

Çıxışlardan sonra dünyanın müxtəlif yerlərində çəkilmiş təbiət şəkillərindən, Gəncə Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin əl işlərindən və ekologiyaya aid kitablardan ibarət sərgiyə baxış keçirilib. Sərgiyə baxış zamanı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrının ifasında müxtəlif həzin musiqilər səsləndirilib. Yekunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər