Gəncədə “Mədəniyyət və Yaradıcı Sənayelərin dəstəklənməsi” mövzusunda görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelərin dəstəklənməsi” mövzusunda görüş baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Regional İdarəsinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin, Regional Məşğulluq Mərkəzinin, Regional Turizm İdarəsinin, AMEA-nın Gəncə Bölməsinin əməkdaşları, eləcə də mədəniyyət və yaradıcı sənayeləri təmsil edən Gəncə sənətkarları – rəssamlar, səbət toxuyan ustalar, kəlağayı və toxuculuq üzrə mütəxəssislər və digər yaradıcı şəxslər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin inkişafına xüsusi önəm verilir. Bu sahənin dəstəklənməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülür, dövlət tərəfindən mühüm addımlar atılır. Hazırda MYS-lərlə bağlı araşdırma və planlaşdırma işləri həyata keçirilir, sahəvi təşkilatların fəaliyyətinə dəstək göstərilir, sənaye nümayəndələri ilə müzakirələr aparılır və maarifləndirmə tədbirləri təşkil olunur.
Görüş zamanı mövzu ilə bağlı sənətkarların da fikirləri dinlənilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası məqsədilə hazırlanmış Tədbirlər Planının 1.1.14.2-ci bəndinə uyğun olaraq təşkil edilib. Həmin bənd mədəniyyət və yaradıcı sənayelərin sənaye kimi formalaşmasının, bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsini, istehsalat bazasının təkmilləşdirilməsini və sahəvi klasterləşmənin təşviqini nəzərdə tutur.






