Gəncədə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsnin daha bir maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, şəhər ərazisində fəaliyyət göstərən bələdiyyələrin və universitetin nümayəndələri iştirak ediblər.
Toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və tətbiq edilə biləcək sanksiyalar müzakirə olunub. İştirakçılar, işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıqların aşılanmasının, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığı proqramlarının mühüm rol oynadığını vurğulayıblar.
İclasda, həmçinin Azərbaycan Respublikasının Prezidentinin “İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında” müvafiq tətbiqi barədə 271 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını, eləcə də Azərbaycan Respublikasının Prezidentinin “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” müvafiq Qanunun tətbiqi barədə 270 nömrəli Fərmanının icrası ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəmələrinin təmin edilməsi barədə tapşırıqlar verilib.
Qeyd edək ki, bu istiqamətdə maarifləndirici tədbirlər mütəmadi şəkildə davam etdiriləcək.






