Gəncədə “Meydandan Arenaya” layihəsinin növbəti mərhələsi keçirilib
Gəncə şəhərinin Heydər Əliyev Meydanında Meydandan Arenaya” layihəsi çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş stolüstü tennis yarışı təşkil edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirə qatılaraq yarış iştirakçıları ilə birlikdə stolüstü tennis oynayıb, onlarla səmimi söhbət aparıb və uğurlar arzulayıb.
Yarışda yeniyetmə və gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri də qüvvələrini sınayıblar. İştirakçılar maraqlı və gərgin idman mübarizəsi şəraitində öz bacarıqlarını nümayiş etdirərək yüksək idman ruhu və əzmkarlıq sərgiləyiblər.
Qeyd edək ki, layihə Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, həmçinin təşkilatçılığı ilə baş tutub. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, onların idmana marağının artırılması və idmana daha geniş cəlb olunmasıdır.
Yarışın sonunda fərqlənən iştirakçılar Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.






