Gəncədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirir
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans davam edir. Konfransın ikinci günündə DQİDK və Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi şəxsləri, şəhərdə fəaliyyət göstərən qurumların rəhbərləri, ictimaiyyət nümayəndələri, 2 saylı Gəncə ASAN Xidmət Mərkəzinin könüllüləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov Dövlət Komitəsinin kompleks şəkildə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də dini radikalizmlə mübarizə sahəsində görülən işlər haqqında danışıb. Komitə rəsmisi ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını diqqətə çatdırıb. C.Əlifzadə müasir dövrün çağırışları və qarşıda duran vəzifələr barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşüb. Qeyd edib ki, Azərbaycan dövlətinin din siyasətinin əsas məqsədi dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasıdır. Eyni zamanda natiq onu da vurğulayıb ki, gənclər dini radikalizm və ekstremizmin təsirinə düşməmək üçün təhsilə, elmə böyük önəm verməli, din haqqında bilgiləri düzgün mənbədən almalı, milli-mənəvi dəyərlərimizə bağlı olmalıdırlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov çıxışında bölgədəki dini durum barədə məlumat verib, ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib. Vurğulayıb ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin rəisi İntiqam Hüseynov çıxışında regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rola malik olduğunu vurğulayıb.
Maarifləndirici sənədli filmin də nümayiş olunduğu konfrans çərçivəsində kitab sərgisi təşkil olunub.