Gəncədə “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda silsilə tədbirlər keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının illik Tədbirlər planına uyğun olaraq, Azərbaycan Dövlət Aqrar Universitetində, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin A.Səhhət adına Xəstəxanasında və “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda silsilə tədbirlər keçirilib.
Toplantılarda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni isrinin qorunması şöbəsinin müdiri, Mülki Müdafiə işinin aparıcısı Yadigar Bədəlov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Kənan Aşurov, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnik Natiq Piriyev, xidmət və müəssisələrin Mülki müdafiə qərargah rəisləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzinin nümayəndəsi, həmçinin Universitetin professor-müəllim heyəti, tələbə gənclər iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildiririlib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Hər il mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsi, işçilərin mülki müdafiəyə daimi hazırlığına nail olmaqdır.
Tədbirdə FHN əməkdaşları insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış ediblər.